Sayt daxili axtarış sistemi















 

Kütlə psixologiyasının müzakirəsi  

Azərbaycan mədəniyyəti pik saatda

I Bakı Avropa Oyunları

 İkiyə bölünmüş  AZƏRBAYCAN!

 



free counters







Həyatın mənası yaşa və başa görə dəyişir, başqalaşır. Bu qədər mürəkkəbliyinə və zənginliyinə rəğmən o həm də fanidir - indi gəl onu mükəmməl anla görüm necə anlayırsan!
Valideynləri

         ATASI: Mirzağa Əbdülsəməd oğlu Mirzəyev

          Hafiz Mirzənin atası Mirzağa Mirzəyev 1923-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. Onun atası Əbdülsəməd Mirzə Əli oğlu Hadıyev pinəçilik etmiş, amma öz övladlarının hamısına ali təhsil vermişdir. Anası Ceyran Cəbrayıl qızı qonşu Lüvəsər kəndində anadn olmuşdur. Əbdülsəmədin anası Kərbəlayi Sədəfnisa və atası Mirzə Əli öz dövrünün tanınmış savadlı şəxslərindən olmuşlar. Məhz savadlı şəxsiyyətlərdən olduğuna görə xalq Əli kişiyə Mirzə Əli adını vermişdir. Mirzə Əlinin atası Hadı kişi və onun atası Fəttah kişi isə tikinti ustaları olmuşdur.1864-cü ildə Hacı Mirağa Mirtağızadə Lənkəran şəhərinin Böyük bazar nahiyyəsində iki minarəli məsçid inşaa etdirərkən bu işi Usta Hadıya həvalə etmişdir. Usta Hadı bu məsçidin bünövrəsindən damına kimi bütün işlərinə məharətlə ustalıq etmiş, lakin əvəzində zəhməthaqqı almamışdır. Buna görə də Hacı Mirağa şəhər kənarında kimsəsiz, indi Hüseyn Diki adlanan məhəllənin böyük bir ərazisini ona bəxşiş vermişdir. Usta Hadının ata yurdu indi şəhərin köhnə türmə deyilən nahiyəsindən aşağıda, vaxtı ilə «kinoprokat» idarəsi yerləşmiş ərazidə olmuşdur. Buraya onun atası yaxınlıqdakı çayın o biri sahilində yerləşən Stamurdov kəndindən gəlmişdir.  
        M.Mirzəyev ilk ibtidai təhsilini şəhərin 5 saylı məktəbində almış, sonra tam orta təhsilini 3 saylı məktəbdə bitirmişdir. Hələ orta məktəb illərindən etibarən o şeirlər yazmış, şeirləri o dövrün yerli və ölkə mətbuatında dərc olunmuş, radio ilə səsləndirilmişdir. Orta məktəbi qızıl medalla bitirən M.Mirzəyev 1939 –cu ildə Lənkəran Pedaqoji texnikumuna, sonralar isə Azərbaycan Dövlət Darülfününün şərqşünaslıq fakultəsinə daxil olunmuşdur. O eyni zamanda Bakı Ticarət texnikumunda da gizlicə təhsil ala bilmişdir. Bu illərdə Darülfünündə (universitetdə) onların ədəbi məclisi fəaliyyət göstərirdi. Lakin Azərbaycanın görkəmli şairlərinə qarşı baş alıb gedən represiyalardan və şairlərin qarşısında qoyulan qondarma öhtəliklərdən ətraflı xəbər tutduqdan sonra o və ədəbi məclisin digər üzvləri bu dövlətin şairi olmaqdan gizlicə imtina edir, öz aralarına buna söz verirlər. Hamısı ömürlərinin sonuna kimi bu sözə əməl edir. Texnikumu bitirən il –1946-ci ildə atası vəfat etdiyi üçün Mirzağa bacı və qardaşlarını saxlamaqdan ötrü ADU-nun Şərqşünaslıq fakultəsində təhsilini 3-cü kursdan yarımçıq atıb Lənkərana gəlmişdir.Burada o mağazada, sonralar isə qonşu Astaraxanbazar rayonunda Taxıl Tədarükü bazasında işləmişdir. Orada o Suğra Dadaşova ilə tanış olmuş, onunla ailə qurmuşdur. Sonralar M.Mirzəyev Lənkəranda işləməyə qayıtmış, burada o «Xəzər» gülçülük sovxozunda, Uşaq evində və hərbi ticarətdə (voentorqda) mühasib vəzifəsində çalışmışdır. Eyni zamanda Moskvada qiyabi yolla Yeyinti Sənayesi İnstitutunun iqtisadiyyat fakultəsini btirmiş, tam Ali təhsil almışdır. O ömrünün sonuna kimi Lənkəran şəhərindəki 36 saylı «voentorqda» fəaliyyət göstərmişdir.
         Mirzağa Mirzəyev 1985-ci ilin 05 mart tarixində vəfat etmişdir.


 

       ANASI: Suğra Dəyazxan qızı Mirzəyeva (Dadaşova

         Hafiz Mirzənin anası Suğra Dənizxan qızı Mirzəyeva ( qızlıq soyadı Dadaşova) 1937 –ci ildə Astaraxanbazar (indiki Cəlilabad) rayonunda anadan olmuşdur. Atası Dənizxan kişi əslən Cənubi Azərbaycanın Ərdəbil vilayətinin Səmyan kəndindəndir. Onun əcdadları Ərdəbil şahları nəslinə, Səfəvilər sülaləsinə mənsubdur. Mahalı bürümüş vəba xəstəliyi ucbatından baş götürüb Şimali Azərbaycana gəlmiş qardaş və bacılar burada müxtəlif sənətlərlə, o cümlədən imkanlı şəxslərin evində nökərçiliklə məğul olmuşlar. Dənizxan bir müddət Lənkəranın Lüvəsər kəndinin imkanlı şəxslərindən olan Cəbrayıl kişinin evində nökərçilik edir. Sonralar Astaraxanbazara qayıdan, Sovet hökuməti qurulduqda bolşeviklərə qoşulan gənc Dənizxan qolçomaqlara qarşı mübarizə zamanı xüsusi dəstə ilə gəlib Lənkəranın Lüvəsər kəndinə çıxır. Buradan verilən siyahıda Cəbrayıl kişinin də adı olur. Cəbrayıl həbs edilir, Sibirə sürgün üçün qəza mərkəzinə aparılır. Yolda Dənizxan Cəbrayıl kişiyə arabadan atılıb dərəyə doğru qaçmasını tapşırır. Belə də olur. Dənizxan onun arxasınca qaçıb, bir neçə güllə atır, qayıdıb onu vurduğunu, amma meyidin dərəyə düşdüyünü bildirir. Cəbrayıl uzun illər Lənkəran şəhərində gizlənir, öz doğmalarından xəbərsiz, başqa ad altında yaşayır, hətta ailə də qurur. Onun sağ olduğu yalnız ömrünün sonlarında və ən yaxın adamlarına məlum olur. Cəbrayılın qızı Ceyran sonralar Lənkəran şəhərində Əbdülsəmədlə ailə həyatı qurur. Onların çoxlu oğul və qızları dünyaya gəlir. Böyük övladları Mirzağa Astaraxanbazarda Taxıl Tədarükü kontorunda işləyərkən Dənizxan kişi ilə tanış olur. Dənizxan onunla maraqlanır, bir vaxtlar özünün ağası olmuş Cəbrayılın nəvəsi olduğunu bildikdə onun kirayə qalmasını rəva bilmir və öz ailəsinə gətirir. Gənc Mirzağa Suğra ilə burada tanış olur və ailə həyatı qurur.
      1955-ci ildə onlar Lənkərana köçür, burada bir müddət kirayənişin yaşayırlar. 1957-ci ildə Mirzağa öz ata-baba yurdunda, camaatın çiy kərpic hazırlamaq üçün torpağını zaman-zamana daşıyıb apardığı və artıq gölə çevrilmiş ərazidə indiki evi tikdirir. Suğra xanım bu evin tikintisində şəxsən iştirak edir. 1954-cü ildə onun oğlu Mübariz, 1955-ci ildə Ramiz, 1957-ci ildə Hafiz, 1959-cu ildə Tünzalə, 1964-cü ildə Feyruz, 1967-ci ildə Vüsalə adlı övladları dünyaya gəlir. Ramiz hələ uşaq ikən, Tünzalə isə 1987-ci ilin 03 sentyabr tarixində, 28 yaşında ikən dünyasını dəyişir.
       Suğra Dənizxan qızının yeddi bacısı və bir qardaşı olmuşdur. Atası Dənizxan kişi ömrünün sonuna kimi mağaza və köşkdə işləmişdir. Onun anası Səriyyə xanım adi evdar qadın idi. Anasının anası – böyük nənəsi Gülü nənə 106 yaşında vəfat etmişdi.
       S.Mirzəyeva heç bir siyasi partiyanın üzvü olmamışdır. Uzun sürən ağır xəstəlikdən sonra 2012-ci ildə vəfat etmişdir.

       

 


Dərc etmək istədiyiniz hər bir yazı üçün müəllifdən halallıq almağı unutmayın!



Yüklənmiş mətnlər

Proza30
Poeziya24
Publisistika380

















"Qızıl qılınc" mükafatını alarkən

"Qeyrət" hekayəsinə mükafat

KİVDF-nin mükafatı verilərkən 

 Lənkəran Mədəniyyət Mərkəzi

   Böyük Şah İsmayıl Xətai