
Hafiz Mirzə: "PREZİDENT" kitabı- povestlər - 2013-cü il
Bakı şəhəri, "QANUN" Nəşriyyatı, 60 X 84 formatda, 336 səhifə, 300 tirajla
Əvvəlki kitablarında yer alan roman və povestlərində olduğu kimi müəllifin bu kitabındakı əsərlərində də maraqlı süjet xətti, sadə, amma zəngin ifadə tərzi diqqəti çəkir.
Kitaba daxil edilmiş povestlər:
"Prezident"
"Virtual eşq hekayəti"
"Qraf Eduard de Verin "Uilyam Şekspir" təxəllüsü"
"İki nəfər üçün bircə azadlıq"
"Allah səmanın bitdiyi yerdədirmi?"
"Qalanın son günü"
"Abdulla Balçının intiqamı"
“Prezident” povesti iki obrazın – ən ali kürsünü tutmuş ölkə prezidentinin və sadə pinəçinin qarşılıqlı müqayisəsi, bir günlük həyatı və qayğılarını əhatə edir. Onlar bir-birlərini qiyabi olaraq tanıyır, hər gün uzaqdan da olsa görür və qarşı tərəfi dünyanın ən xoşbəxt insanı hesab edirlər. Lakin əslində də belədirmi? Əsər boyu oxucu çox maraqlı hadisələr və psixoloji məqamlarla tanış olur.
“Virtual eşq hekayəti” müasir internet əsrinin özəlliklərini,
“Allah səmanın bitdiyi yerdədirmi?” povesti isə 2-ci dünya müharibəsinin maraqlı məqamlarını əhatə edir.
“İki nəfər üçün bircə azadlıq” povesti ata ilə oğulu bir-birlərindən xəbərsiz olaraq rinqdə üzbəüz qoyan XVII əsr Afrikasının və Şimali Amerika həyat tərzinin acı reallıqlarına həsr olunmuşdur.
“Qraf Edurd de Verin “Uilyam Şekspir” təxəllüsü” adlı povestində oxucular çoxlarına bəlli olmayan tarixi həqiqətlərlə tanış olacaqlar. “Şekspir” adı ilə tanınan müəllif adi teatr aktyoru yox, Eduard de Ver adlı Oksford qrafı imiş.
“Qalanın son günü” povesti tarixi Lənkəran qalasının son günü baş verən maraqlı hadisələrə,
“Abdulla Balçının intiqamı” povesti isə Qarsda ermənilərin 1-ci Dünya müharibəsi illərində törətdiyi qanlı olaylara həsr olunmuşdur.
Bu povestlərdə təsvir olunan dünya və həyat hadisələrinə müəllifin obrazlı münasibəti, özünün vətəndaşlıq mövqeyi, milli-mənəvi dəyərlərin və ümumbəşəri hisslərin aşılanması heç də birbaşa və sadə təlqin yolu ilə deyil, tarixi məqamların gözlənilməzliyi, İlahi hikmətin təzahürü, haqq və ədalətin qələbəsi və məntiqin dolğun dili ilə ifadə olunur. Povestlərdəki hadisələr tarixin müxtəlif çağlarında, dünyanın bir sıra qitələrində və ölkələrində baş verir. Müxtəlif millətlərdən olan qəhrəmanlar özünün bitkin xarakteri, mürəkkəb taleyi və dolğun ifadə tərzi ilə diqqəti cəlb edir. Oxucu povestlərin heç birində şablon, qondarma hadisələrlə, yorucu təsvirlərlə və şişirdilmiş nəticələrlə qarşılaşmayacaq. Hafiz Mirzə povestlərdəki hadisələrin əhatə dairəsinin genişliyi ilə oxucunu yükləmir, yormur, üzücü hadisələrlə pessimizmə yuvarlatmır, onu hadisələrin fəal iştirakçısına çevirməyə çalışır. Hər bir povest əslində özünün məna yükü ilə oxucunun ümumbəşəri nəticələr çıxartmasında, humanizm duyğularının formalaşmasında gizli vasitəçi olur, ona pozitiv enerji verir, bədii zövqünün cilalanmasına və ictimai şüurunun yetkinləşməsinə yardım göstərir.
|