HƏYAT FƏALİYYƏTİ
Hafiz Mirzağa oglu Mirzə 1957-ci ilin 09 mart tarixində, Şimali Azərbaycanın (Azərbaycan SSR-nin) Lənkəran şəhərində anadan olmuşdur.
H.Mirzəyev ilk təhsilini 1964-74 cü illərdə şəhərin H.Aslanov adına 3 saylı ümumi-orta məktəbində almışdır. Hafiz yaradıcılığa 3-cü sinifdən etibarən və şeirlə başlayır. İlk şeirləri Vətənə, ata-anaya, Lənkərana aid olur. Təəssif ki, onun ilk şeir dəftəri sonralar itir və o dəftərdən cəmi bir bənd şeir yaxın qohumlarının hafizələrdə yaşayır. Vətən barədə həmin bənd Web səhifənin poeziya guşəsinə daxil edilmişdir. Sonralar o nəsrə meyl etmiş, ilk hekayəsini, povest və romanını da məhz orta məktəb illərində yazmışdır. 1974-cü ildə Hafiz S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə imtahan verir, lakin qəbul oluna bilmir. Bir il hərbi ticarət idarəsinin limonad sexində fəhləlik etdikdən sonra onun növbəti il qəbul olunmaq cəhti də uğursuz alınır. 1975-ci ildə o Sovet Ordusu və Hərbi Dəniz Aviasiyası sıralarına əskəri xidmətə çağrılır. Əskərliyini ilk altı ayı ərzində o keçmiş Könzberq, o vaxtkı Kalinininqrad şəhərinin Pionerski qəsəbəsində xüsusi kurs keçir, gəmi və təyyarələrdə kislorod qurğularının mütəxəssisi ixtisasına yiyələnir. Sonralar o xidmət üçün Krıma, Simveropol şəhərinin Qvardeyski qəsəbəsindəki hərbi-dəniz aviasiyasında xidmətə göndərilir. Burada o 1977-ci ilin payızına kimi xidmət edir, baş matros, vzvod komandirinin müavini vəzifələrinə yüksəlir. Hərbi xidmətini başa çatdırdıqdan sonra H.Mirzəyev növbəti qəbul imtahanlarına kimi olan vaxt ərzində Lənkəran şəhərində, öz məhəllələrinin çayqırağı ərazisində yerləşən 3 saylı tara bazasında sıravi fəhlə işləyir, taxta yeşik tikməklə məşgul olur.
1978-ci ilin mayında o təsadüfən M.Əliev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul barədə elanla tanış olur. Bu Ali məktəbdə imtahanlar iyul ayında, ümumi qəbuldan (01 avqust) əvvəl başlanırdı və Mədəni-maarif fakultəsi üzrə 4 fənn imtahanından 3-ü ADU-nun imtahanları ilə eyni idi. H.Mirzəyev özünün hazırlıq səviyyəsini yoxlamaq məqsədi ilə sənədlərini bu instituta təqdim edir. İmtahanlar şifahi qaydada və hər fənn üzrə ayrıca aparılırdı. İlk imtahan ixtisas fənni üzrə idi. O sonuncu sənəd verənlərdən olduğu üçün onun imtahan vermək növbəsi imtahanların üçüncü günü yetişir. Bu vaxt ərzində isə o imtahan verib çıxan abutruyentlərdən onlara düşmüş sualları və onların verdiyi cavabları soruşub qeyd edir. Və o heç kəsin gözləmədiyi halda ilk sənət imtahanından «4» qiymət alır. Sonrakı imtahanlardan «5» qiymət almaqdan ötrü hətta müəllimlərlə mübahisəyə də girir. Lakin…Nəhayət bir gün isə onun İncəsənət institutuna qəbul olduğu məlum olur. O sənədlərini geri götürmək istəyir. Amma bunun müəyyən vaxt tələb etdiyini bildirirlər. Atası bəlkə bu dəfə də ADU-ya qəbul oluna bilməyəcək gümanı ilə ona sənədlərini geri götürməməyi tövsiyyə edir.. Beləliklə də gənc Hafiz Mirzəyev illərlə imtahan verib qəbul oluna bilməyənlərdən fərqli olaraq təsadüfən ADİİ-ə qəbul olunur. Həmin il ADU-nun tarix və huquq fakultələrinə isə hərbi xidmətdən qayıtmış və əmək stajı olan şəxslər ən aşağı qiymətlərlə ( dörd «3»lə) qəbul olunurlar. Beləliklə də o mədəni-maarif fakultəsində, «Klub işinin təşkilatçı metodisti» ixtisası üzrə dörd il ali təhsil alır. Tələbəlik illərində o əvvəlcə bir il böyük qardaşı, Politexnik İnstitutunun «Avtomatika və telemexanika» fakultəsinin tələbəsi Mübarizlə və İlham adlı bir qubalı tələbə ilə birlikdə İçərişəhərdə kirayə yaşayır. Sonra Mübariz ailə qurduğu üçün o bir il ADİİ-nin yataqxanasında yaşayası olur. Növbəti ili isə Hafiz Biləsuvar rayonundan olan kurs yoldaşı İlqar Dadaşovla birlikdə Qaraşəhər deyilən yerdə kirayə qalır. Daxma sahibəsi olan rus qadın buranı təmir etməsi bəhanəsi ilə, əslində isə daha bahalı kirayənişin tapdığı üçün növbəti il onları buradan çıxardır. Hafiz yenidən İçərişəhərə qayıdır. Bu zaman qardaşıgil artıq köçüb qaynatasıgildə yaşayırdı. İçərişəhər və İncəsənət İnstitutu onun dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Tələbəlik illərində tətillər zamanı o dəfələrlə Ukraynaya, Moldavaya və Rusiyaya turist səfərinə çıxır, Ermitajda olur, incəsənəti daha dərindən sevir, müxtəlif dinlərlə, xüsusən də induizmlə( yoqa ilə) maraqlanır, çoxlu dostlar qazanır, Azərbaycan televiziyasının məktəbəqədər uşaqlar üçün verilişlər redaksiyasında çalışır, bir neçə povest, roman, onlarla hekayə və şeir yazır. Bu illərdə o özünün etika müəllimi, görkəmli ədəbiyyat tənqidçisi İslam İbrahimovla dost, yazıçı Elçinlə isə tanış olur. 1982-ci ildə H. Mirzəyev ADİİ-ni fərqlənmə diplomu ilə bitirir. Kafedrada qalıb işləməsi, elmi işlə məşğuliyyəti bədxahların təzyiqi ucbatından baş tutmadığı üçün o təyinat götürüb Lənkərana gəlir. Şəhərdə cəmi bir neçə ali təhsilli kadr olduğu halda onu uzaq Separadi kəndinə , Mərkəzləşmiş kənd Mədəniyyət evinin direktoru vəzifəsinə göndərirlər. H.Mirzəyev bir il burada fəaliyət göstərdikdən sonra nəhayət 1983-cü ildə yenicə fəaliyyətə başlayan şəhər Mədəniyyət evinin metodisti vəzifəsinə təyin olunur. Burada o bir-birindən maraqlı onlarca yeni və maraqlı mədəni-kütləvi tədbir həyata keçirdir, ənənəvi «Çay bayramı» teatrlaşdırılmış bayram tamaşasının. Musiqi kollektivlərinin əsasını qoyur, klub-çayxanalar yaradılması ideyası ilə mətbuatda çıxışlar edir. 1984-cü ildə o Təranə Məhəmmədəmin qızı Hüseynova ilə ailə həyatı qurur.1986-cı ilin aprelində onun Ülviyyə və Ülfət adlı ekiz qızları dünyaya gəlir. Həmin il o şəhər Mədəniyyət evinin direktoru vəzifəsinə təyin olunur, şəhərin bütün ictimai-siyasi, mədəni-kütləvi hadisələrində daha yaxından iştirak edir. 1988-ci ildə Dağlıq Qarabağ ermənilərinin separatçılıq, Ermənistan SSR-nin isə Azərbaycan torpaqlarını ilhaq etmək təşəbbüslərinə qarşı başlayan milli-azadlıq hərəkatına dəstək verən ziyalılar sırasında Hafiz Mirzəyevin də adı öndə çəkilir. O, AXC-nin Lənkəran şöbəsinin gizli tədbirlərində yaxından iştirak edir, onun ən fəal təəssübkeşlərindən sayılır. 1988-ci ilin noyabrında o bir ay Moskva şəhərində Mədəniyyət və İdman komplekslərinin qurulması üzrə xüsusi kurs keçir. Həmin ilin dekabrında onun oğlu Orxan dünyaya gəlir. 1990-cı ilin yanvarında H.Mirzəyev Astara şəhərində Sovet-İran sərhədinin sökülməsində şəxsən iştirak və ilk dəfə İran İslam Respublikasının Cənubi Azərbaycan ərazisini ziyarət edir.1992-ci ilin aprelində o, Xalq Azadlıq Partiyasına daxil olur və bu partiyanın Lənkəranda rayon təşkilatını yaratmağa başlayır.Müxtəlif illərdə təşkilatın İdarə Heyətinin üzvü, sədr müavini, Məclis sədri və XAP LT-nin sədri vəzifələrinə yüksəlir. 1993-cü ildə yerli sovetlərə seçkilər zamanı o Lənkəran şəhər XDS-ə üzv seçilir. Ə.Hümbətov və tərəfdarları, qondarma «Talış Mugan Respublikası» yaradaraq ölkəni parçalamaq istəyərkən onlara qarşı ilk və ən kəskin formada çıxan XAP LT və H.Mirzə olur. Separatçıların əli silahlı əskərlərinin nəzarəti və təhdidi altında keçirilən sessiyalarda onların əleyhinə bəyanatlar oxuyan, çıxışlar edən bir təşkilatın üzvü olaraq H.Mirzə eyni zamanda separatçıların əlinə keçmiş hərbi hissələrdə gizli siyasi iş aparır, vərəqələr paylayır, lənkəranlıları separatizmə qarşı mübarizəyə səsləyirdi. Nəhayət digər təşkilatların Vətənpərvər üzvləri də separatizmə qarşı ayaga qalxır və vahid təşkilat halında birləşir. 1993-cü ilin 23 avqust tarixində həmin köklü lənkəranlılar “Lənkəran” cəmiyyəti və xalq kütlələri ilə birlikdə şturm edir və silahlı separatçılar devirir. Lakin bu mübarizə qansız da ötüşmür, lənkəranlılar üç şəhid verirlər, bir neçə nəfər isə ağır yaralanır. Beləcə Lənkəran və ölkənin ətraf cənub rayonlarında Azərbaycan Dövləti bərpa olunur. Ancaq təəssüflər olsun ki, Lənkəranda qurulan Dilruba Camalova iqtidarı ikibaşlı siyasət yürüdərək əski separatçıları az qala əsil qəhrəmanlar kimi vəzifələrə irəli çəkir. Bunun nəticəsində onlar zaman keçdikcə revanş götürməyə, Vətənpərvər qüvvələri güdaza verməyə başlayırar. 1999-cu ildə növbə Hafiz Mirzəyə də çatdı. 1993-cü ilin avqust ayından etibarən o Milli Məclisin müvafiq qərarına uyğun olaraq özünün soyadını millilədirmiş, bütün yazılarını da Mirzə soyadı ilə təqdim etməyə başlamışdı.1994-cü ildə o «Kişi adam» romanı üzərində işləməyə başlayır və əsəri həsr etdiyi Böyük Şah İsmayıl Xətainin məzarını ziyarət etməkdən ötrü İran İslam Respublikasına səfər edir. 1997-ci ildə onun «Əbədi məhəbbət nağılı» adlı ilk bədii kitabı işıq üzü görür. Həmin illər o LDU-da «Mədəniyyət tarixi və nəzəriyyəsi» fənnini tədris edirdi. 1998-ci ildə o öz oğlu Orxanla birlikdə İran İslam Respublikasının Xorasan vilayətinə səfərə çıxır, Məşhəd şəhərində 8-ci imam Həzrəti Rzanın (ə) məzarını ziyarət edərək Məşhədi adını qazanır. Həmin il onu Lənkəran şəhərinin Böyük bazar Məsçidi dini icmasına üzv, Nəzarət Təftiş Komissiyasına sədr seçirlər. Onun mənsub olduğu ilk partiya olan XAP bu illərdə Vəhdət partiyası ilə birləşmiş, bu partiyanın adını qəbul etmişdi. Əvvəlcə onun təşkilatını iqamətgahdan , sonra isə özünü işlədiyi Q.Vəliyev adına şəhər Mədəniyyət evindən işdən çıxardırlar. Bir il gərgin mübarizə apardıqdan sonra o öz vəzifəsinə bərpa olunur. Mübarizə illərində o publisistikaya qədəm qoyur, məqalələri onlarca qəzet və jurnalda dərc edilir. 2001-ci ildə onun «Separadi» adlı etnoqrafik kitabı nəşr olunur. Lakin kitabın sifarişçisi S.Tağıyev qonorarını ödəməkdən imtina edir. 2004-cü ildə Bələdiyyə seçkiləri zamanı H.Mirzə Lənkəran bələdiyyəsinə üzv seçilir. Bələdiyənin ilk iclasında isə onu yekdilliklə Humanitar məsələlər komissiyasının sədri vəzifəsinə seçirlər. Fəaliyyət illərində onlarca mədəni-kütləvi tədbir, idman yarışları, müsabiqə, xatirə və yubiley gecələri keçirdən H.Mirzə eyni zamanda sənət adamlarına adlı mükafatların və üç nəfər tarixi şəxsiyyətin adının əbədiləşdirilməsi məqsədilə tələbə taqaüdləri verilməsinə nail olur. Onun təşəbbüsü ilə Bələdiyyə Lənkəran Dövlət Universitetinin bir nəfər əlaçı tələbəsinə «Mirzə Məhəmmədhüseyn Axund», Tibb məktəbinin bir əlaçı tələbəsinə «Təbib Ramazan Lənkərani» və Humanitar Kollecin bir əlaçı tələbəsinə isə «Şeyx Zahid Gilani» adına təqaüdlərini verir. Onun üzvü olduğu Vəhdət partiyası milli Dövlətçilik ideologiyasına söykənmədiyi üçün 2000-ci ildə parçalanmış, onun da üzv olduğu qanad hazırda Milli Vəhdət kimi Dövlət qeydiyyatından keçmişdir. MVP-nin siyasi əqidə etibarı ilə mərkəzçi mövqedə dayanması, istər iqtidar olsun, istərsə də müxalifət – hər ikisinə konstruktiv münasibət bəsləməsi H.Mirzənin bir şəxsiyyət olaraq xarakterinə daha müvafiq olur. 2005-ci ildə onun «Ayın 32-ci günü» adlı roman və hekayələrdən ibarət yeni kitabı işıq üzü görür. Bu kitabın maliyyə xərclərini dostu Yunus Oğuz və üzvü olduğu Lənkəran Bələdiyyəsi ödəyir. Kitab böyük hay-küyə səbəb olur. Onun milli məsələlər mövzusunda yazdığı kəskin məqalələrə cavab verə bilməyən etnik separatçılar, xüsusən də Ə.Hümbətovun həmyerliləri onun əleyhinə böyük kompaniya aparır, bu kitabdakı «Paz» romanını qərəzli tənqid etməyə başlayırlar. Guya ki, bu kitabda özlərinin hansısa milli dəyərləri təhqir olunmuş, romanda erotik obrazlar yaradılmışdır. Ölkənin onlarca Dövlət strukturuna yüzdən çox aldadılmış, bu kitabı oxumamış, heç latın qrafikasını bilməyən adamların imzası ilə məktublar göndərən etnik separatçılar özlərini bir daha ifşa edirlər. Sonradan imza sahiblərinin bir çoxu bu imzalardan imtina edir. Bəzilərinin isə ümumiyyətlə, kitabdan və məktubdan xəbərsizliyi məlum olur. Əksinə, ekspertlərin, tənqidçilərin və oxucuların diqqətini cəlb edən bu kitab çox yüksək qiymətləndirilir və müəllifə böyük şöhrət gətirir. 2007-ci ildə kitaba “Qızıl qılınc” mükafatı verilir. 2005-ci ildə Hafiz Mirzə «Olaylar» İnformasiya Agentliyi və eyni adlı qəzetin Cənub bürosunun rəhbəri vəzifəsinə təyin olunur. 2007-ci ildə H.Mirzənin povest və hekayələrdən ibarət “Qızmar yayın soyuq küləkləri” adlı kitabı nəşr olunur. 2008-ci ildə bu kitab Lənkəran Bələdiyyəsinin “İlin laureatı” xüsusi mükafatına layiq görülür. Həmin il Hafiz Mirzə müqəddəs Həcc zəfərinə yollanır. Ziyarətdən qayıtdıqdan sonra Hacının 2009-cu ildə “Həcc ziyarətində” adlı kitabı nəşr olunur. Həmin il o “Lənkəran Bələdiyyəsi” adlı daha bir kitab buraxdırır. 2009-cu ilin sonunda o yenidən Lənkəran Bələdiyyəsinə üzv və komissiya sədri seçilir. 2010-cu ildə onun boyük həcmli ( 70X100 formatında, 600 səhifəlik “Son və başlanğıc” adlı romanı nəşr olunur. 2011-ci ildə H.Mirzənin “Qeyrət” adlı hekayəsinə “Kaspi” qəzetinin təsis etdiyi Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə müsabiqənin 1-ci yer və xüsusi mükafatı verilir. 2011-ci ildə isə Hacı Hafizin “Mütəfəkkir” adlı daha böyük həcmli (630 səhifə) kitabı işıq üzü görür.2012-ci ildə Hafiz Mirzənin 55 yaşı ilə bağlı "55" adlı hesabat kitabı işıq üzü gördü. Gələcək nəsillər üçün gözəl monoqrafiya əsəri sayıla bilər. 2013-cü ildə isə onun "Prezident" adlı povestlər kitabı dərc olundu. O artıq həm də dərc olunmuiş 450 iri həcmli publisistik məqalənin müəllifidir.
Onun övladları Ülviyyə Mirzə Lənkəran Humanitar Kollecinin musiqi şöbəsini, digər qızı Ülfət Mirzə Lənkəran Dövlət Universitetinin filologiya fakultəsini, oğlu Orxan Mirzə isə Azərbaycan Beynəlxalq Universitetinin tarix və ictimaiyət fakultəsini bitirmişlər. Qızları ailəlidir, Hacının Rüqəyya və Tunar adlı iki nəvəsi var.
Yazıçı – publisist Hafiz Mirzə 2000-ci ildən etibarən Azərbaycan Yazıçılar və 2003-cü ildən etibarən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, «Yeni Ocaq» ədəbi birliyinin sədridir.
Kərbəlayi Aslan Aslanov
*** *** ***
|